“Ermənistan hakimiyyətinin öz xalqına qarşı cinayətini beynəlxalq birlik görmək istəmir” – Elman Nəsirov

Xəbər verdiyimiz kimi, Ermənistanda kütləvi aksiyalar keçirilir. Etiraz aksiyalarının səbəbi isə Serj Sarkisyanın baş nazir seçilməyidir.

Qeyd edək ki, Ermənistanda ötən il keçirilən referendum nəticəsində Konstitusiyada dəyişiklik edilib və prezidentin əsas səlahiyyətləri baş nazirə keçib. Bundan əlavə, ölkə parlamentli respublikaya keçib. Dəyişiklikdən sonra hakim Respublikaçılar Partiyasının namizədi, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan martda parlamentdə keçirilən səsvermə nəticəsində prezident seçilib. Ötən gün isə Serj Sarkisyan parlament səsverməsi nəticəsində baş nazir seçilib. Maraqlıdır ki, nə prezident, nə də baş nazir seçimində başqa namizədlər olmayıb.

Xalq isə iqtisadiyyatı çökmüş, çətin vəziyyətə düşmüş Ermənistana yenidən Serj Sarkisyan hakimiyyətinin başçılıq etməsinə etiraz edir. Etiraz aksiyalarına başçılığı müxalif deputat Nikol Paşinyan edir. O, aksiyalar zamanı hətta xəsarət də alıb. Ancaq toxunulmazlıq hüququ olan deputatın xəsarət almasına nə Ermənistanın siyasi rəhbərliyi, nə də beynəlxalq təşkilatlar münasibət bildiriblər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Ermənistandakı son hadisələr bir daha oradakı siyasi hakimiyyətin mahiyyətini ortaya qoydu: “Bir daha bütün dünya əmin oldu ki, Ermənistanda hakimiyyəti zəbt etmiş qüvvələr mövcuddur. Onlar öz xalqına qarşı istənilən təzyiqi və təhdidi həyata keçirib öz hakimiyyətlərini qorumaq istəyirlər. Serj Sarkisyan bu gün fərqli bir statusda hakimiyyətini qorumaq istəyir. Onun bu hərəkətinə, yəni, baş nazir olaraq hakimiyyəti zəbt etməsinə qarşı da Ermənistanda etiraz aksiyaları başlayıb. Bu etirazların motivləri də anlaşılandır. Erməni xalqı ona görə ayağa qalxıb ki, Sarkisyanın 10 illik hakimiyyəti ona gətirib çıxarıb ki, əhali dilənçi kökünə düşüb, ölkə əhalisinin kütləvi axını başlayıb”.

Millət vəkili qeyd edib ki, Ermənistan xarici dövlətlərdən tam borclu vəziyyətdədir, yəni, maliyyə asılılığı güclənib: “Eyni zamanda, ümumiyyətlə Ermənistanın suverenliyi və müstəqilliyi haqqında söhbət belə gedə bilməz. Ermənistandakı iqtisadi blokada, yəni, nəqliyyat nöqteyi-nəzərindən blokada vəziyyəti dərinləşməkdədir, bu da onların işğal siyasətlərinin nəticəsidir. Bütün bunların hamısını görən erməni xalqı biləndə ki, Sarkisyan yenidən hakimiyyətini qoruyub saxlayır, əhali bildi ki, bundan sonra da erməni xalqı dilənçi vəziyyətində qalacaq, xalq da buna etiraz edir. Bu prosesdə müxalifətdən olan deputat Nikol Paşinyan da xəsarət alıb. Çox qəribədir ki, Ermənistanda xalqa, eyni zamanda da deputata qarşı güc tətbiqi real faktdır, bunu bütün dünya mətbuatı da işıqlandırıb. Ancaq beynəlxalq təşkilatlar və ATƏT bununla bağlı hələ ki, heç bir mövqe bildirməyib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda keçirilən seçkilərlə bağlı qərəzli mövqe ortaya qoyub. Amma Ermənistanda seçki ilə bağlı mövqe ortaya qoymayıb və orada hazırki zorakılıqla bağlı da fikir bildirməyib. Bu onu göstərir ki, sözün həqiqi mənasında beynəlxalq hüquq çox ciddi böhran yaşayır. Lazım gələndə dövlətlər beynəlxalq hüququ əllərində bayraq edib ondan istifadə edirlər, lazım gələndə isə ayaq altına atıb tapdalayırlar. Bu gün biz təəssüf hissi ilə qeyd edirik ki, Ermənistan hakimiyyətinin öz xalqına qarşı cinayətini beynəlxalq birlik görmək istəmir. Bunlar təbii ki, haqsız, ədalətsiz mövqedir və əslində bir daha Ermənistan hakimiyyətinin mahiyyətini üzə çıxaran bir hadisədir. Hesab edirəm ki, bu, Ermənistanda gələcəkdə baş verəcək daha dərin siyasi kataklizimlərin görüntüsü kimi dəyərləndirilə bilər. Bunu daha ağır proseslərin başlanğıcı kimi də qiymətləndirmək mümkündür”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistandakı vəziyyət indi ancaq qana doğru gedir” – Mübariz Əhmədoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI