Həzm problemi və piylənmə - Oturaq işdə çalışanlar üçün həkim məsləhəti

Oturaq həyat tərzi sürənlər, ofisdə və zehni işlərdə çalışanlar əksər hallarda həzm sistemindəki problemlərlə üz-üzə qalırlar. Bu problemlərlə qarşılaşmamaq üçün qidalanmada nələrə diqqət yetirilməlidir?

Metbuat.az məsələ ilə bağlı həkim Xuraman Rəcəbovanın fikirlərini öyrənib. Həkim bildirib ki, bu cür işlərdə çalışan insanlar digərlərindən fərqli olaraq daha yüngül qidalar qəbul etməlidirlər:

“Hər bir insanın məşğul olduğu iş və o işin ağırlığına görə gün ərzində qidalanmasında istifadə etməli olduğu kilokalori vardır. Ağır fiziki işlərdə çalışanlarla yüngül işdə çalışanların, yəni daha çox ofisdə, kabinetdə sadəcə zehni işlə məşğul olanların qida rasionunda çox fərq vardır. Əgər ağır fiziki işdə çalışan, daim hərəkətdə olan insanların qida rasionuna daxil olan yüksək kalorili qidalarla ofis çalışanları qidalanarsa, bu artıq çəkiyə və piylənməyə səbəb olar.

Sadəcə zehni işdə çalışan insanlar, daha çox oturaq həyat yaşayanlar (istər ofisdə, istər evdə) az kalorili qidalardan istifadə etməlidirlər. Daim oturaq işdə çalışan adamlarda əzələlər passiv olur, ona görə yeyilən yüksək kalorili qidalar əzələlər tərəfindən istifadə olunmur və orqanizmdə depolanır, nəticədə artıq çəki yaranır. Uzun müddət oturaq vəziyyətdə işləyərkən daha çox onurğada gərginlik olur, qan dövranında durğunluq yaranır, hərəkət az olduğu üçün bağırsaqlarda peristaltika da zəifləyir və qəbzlik yaranır. Buna görə də zehni işlə məşğul olan insanlar həm artıq çəkinin, həm də qəbzliyin qarşısını almaq üçün qidalanmalarına çox diqqətli olmalıdırlar. Yağlı və xəmir xörəklərini, zülal tərkibli qidaları azaltmaq, sendviç, pizza, fastfood tipli yeməkləri meyvə və tərəvəz salatları ilə əvəz etmək lazımdır”.

Xuraman Rəcəbova deyib ki, zehni işdə çalışan insanlar yağlı qidalara deyil, karbohidratlara üstünlük verməlidirlər:

Zehni işdə çalışan insanlarda gün ərzində beyin daha aktiv olur, digər orqanlar (əzələ, ağciyərlər, ürək və.s) o qədər aktiv vəziyyətdə olmur, ona görə ofisdə çalışanların gün ərzində yüksək kalorili karbohidrat, yağlı, zülal tərkibli qidalara ehtiyac olmur. Zehni işdə daha çox beyin çalışır və beyin də ancaq qlükoza ilə qidalanır, buna görə də yağlı qidaları azaltmaq və karbohidratlara üstünlük vermək lazımdır, amma onları da normasında qəbul etmək məsləhətdir.

Karbohidratlardan (konfetlər, keklər, pirojnalar, tortlar, şokoladlar və.s) çox istifadə etmək olmaz, çünki bu cür qidalar normadan artıq yeyiləndə artıq çəkiyə səbəb olur, ona görə daha çox (qara çörək, qarabaşaq, bulqur, arpa unundan hazırlanmış müxtəlif peçenyələr və.s) və lifli qidalara (meyvələr, tərəvəzlər,salatlar),dənli bitkilərdən hazırlanmış yeməklərə (lobya, paxla) üstünlük vermək lazımdır.

Yüksək kalorili qidalar (pizza, fast food, çipsi, yarımfabrikat məhsullar və.s) oturaq işdə çalışanlara qətiyyən olmaz! Bu cür qidaların orqanizm üçün heç bir faydası yoxdur, çünki tərkibində vitaminlər və minerallar azdır, əksinə gizli yağlar, sadə karbohidratlar çoxdur, əlavə dad və qoxu artıran aromatizatorlar var ki, bu da insanda zamanla asılılıq yaradır, hər gün daha çox yemək istəyirsən, nəticədə isə piylənmə xəstəliyi yaranır. Piylənmə isə orqanizmdə digər xəstəliklərin (ürək-damar sistemi,qaraciyər və öd yolları,bağırsaq xəstəlikləri,oynaq xəstəlikləri,endokrin problemlər (şəkərli diabet,sonsuzluq və.s)) yaranmasına səbəb olur.

Bundan əlavə oturaq işdə çalışanlarda qəbzlik problemi də olur. Bunun qarşısını almaq üçün qidalanmağa diqqət etməklə bərabər, gün ərzində lazımi miqdarda adi su qəbul edilməlidir. Oturaq həyat tərzi keçirənlər üçün çay və qəhvə,meyvə şirələrindən əlavə su içmək mütləqdir. Bu cür işdə çalışanlar üçün gün ərzində 1 fincandan artıq qəhvə olmaz, çünki qəhvə bədəndən suyu çıxardır, orqanizm susuzlaşır, bu isə qəbzlik yaradır. Onun əvəzində adi su içmək orqanizm üçün daha faydalıdır.

Həkim son olaraq bildirib ki, formada qalmaq və sağlam olmaq istəyirsinizsə bunlara əməl edin:

1.Səhərlər işə gedərkən evdə normal yemək yeyin (Ac qalmaq qətiyyən olmaz!).

2.Ofisdə hazır yeməklərdən (yağlı ,qızartma, xəmir, kremli tortlar, keklər və.s) uzaq durun. İmkan varsa evdən özünüzlə işə yemək götürün.

3.Daha çox meyvələrə, tərəvəzlərə və onlardan hazırlanmış bol vitaminli salatlara üstünlük verin.

4. Su için.

5.İşdən sonra evdə aşağı kalorili yeməklər yeyin.

6.Həftədə ən az 2 dəfə idmanla (qaçış,velosiped, üzgüçülük,templi yürüş və.s) məşğul olun.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR