"Arzum 2024-cü ildə keçiriləcək Olimpiya çempionatında qalib olmaqdır" - 14 yaşlı Amin Quliyevlə MÜSAHİBƏ / FOTOLAR

Metbuat.az saytında "Sərdarla İDMAN VAXTI" layihəsinin növbəti müsahibi Kikboksinq üzrə 3 qat dünya, 3 qat Azərbaycan, 3 qat BakıAvropa çempionu olan 14 yaşlı Amin Quliyevdir.

Həmin maraqlı müsahibəni təqdim edirik:

- Amin səni daha yaxından tanıyaq....

- Quliyev Amin, 2005-ci il mart ayının 28-də Bakıda anadan olmuşam. Ailəmizlə burada yaşayırıq, əslən isə Füzuliliyik. Bir qardaşım var, o da idmanla məşğul olur.

- İdmana marağın necə yaranıb?

- Uşaq vaxtlarımdan müxtəlif döyüş filmlərinə baxırdım. Marağım ordan yaranmışdı. Buna nəzərə alaraq atam da mənə boks əlcəyi almışdı. Arada özüm üçün məşq edirdim.

- Hansı filmlər səni daha çox cəlb edirdi?

- Ümumiyyətlə döyüş filmlərini maraqla seyr edirdim, ən əsas isə Brüs Linin.

- Belə döyüş filmlərini izləməyinə, idmana maraq göstərməyinə valideynlərin necə münasibət göstərirdi?

- Çox yaxşı qarşılayırdılar. Ona görə ki, böyük qardaşım da cüdo ilə məşğul olurdu. Atam dedi ki, belə marağın varsa, səni də cüdoya qoyaq, onda 9 yaşım var idi, Cüdoya yazıldım, bir iki dəfə getdim, amma xoşuma gəlmədi. Sonra boksa və futbola yazıldım, onlar da ürəyimcə olmadı. Axırda atam dedi ki, Kikboksinq idman növü üzrə güclü bir müəllim var. Adı Eduard Məmmədovdur, səni onun yanına qoyaq. Həmin müəllimlə görüşmək üçün onların məşq zalına getdik. Elə zala girən kimi dedim ki, bura tam mənim istədiyim, ürəyimcə olan yerdi.

- Həmin an qərar verməyinə səbəb nə oldu?

- Çox maraqlı oldu həqiqətən... Getdiyim başqa idman növləri heç ürəyimcə olmamışdı, elə bil nəsə çatmırdı. Amma son getdiyim yer ürəyimcə oldu, mənim üçün ən uyğun yer olduğunu hiss etdim və qərarımı verdim. Bir neçə məşqdən sonra müəllimim dedi ki, sənin yaxşı gələcəyin var. Bu da məndə daha çox həvəs yaratdı.

- Kikboksinq üzrə əməkdar məşqçi olan Eduard Məmmədov tələbə seçiminə çox ciddi fikir verir. Necə oldu ki, səni qəbul etdi?

- Eduard müəllimlə yaxından tanış olduq, söhbət etdik, məni yoxladı. Həvəsli, istəkli olmağım xoşuna gəldi. Gələcəkdə Avropa, dünya çempionu ola biləcəyimi dedi. Məşqlərə başladım və yavaş-yavaş yarışlarda iştirak etməyə hazırlaşdım.

- Nə vaxtdan yarışlarda iştirak etməyə başladın?

- İlk yarışım 2014-cü ilin dekabr ayında oldu. “Qarabağ kuboku” uğrunda keçirilirdi həmin yarış. Həyacanlı idim, hələ təzə-təzə öyrənirdim deyə tam hazır vəziyyətdə deyildim. Həm də birbaşa final döyüşü keçirəcəkdim. Buna baxmayaraq uğurlu çıxış etdim. İlk döyüşümdə qələbə qazandım və çempion oldum.

- Məktəbdə dərslərini necə oxuyursan, müəllimlərin səndən razıdırlarmı?

- Yeni Yasamalda yerləşən 308 saylı orta məktəbin 8-ci sinifində oxuyuram. Əsas üstünlüyümü idmana vermişəm, amma dərslərimi də yaxşı oxuyuram. Məktəbimizin direktoru Təranə müəllim və sinif rəhbərimiz Səadət müəllim məndən razıdırlar. Onlara təşəkkürümü bildirirəm, həmişə mənə dəstək olublar.

- Məktəbi qurtardıqdan sonra universitetə daxil olmaq planın varmı?

- Bəli, Polis Akademiyasına daxil olmaq istəyirəm.

- Bu yaşda həm idmanla məşğul olursan, həm də məktəb dərslərinlə. Necə planlayırsan bunu?

- Çətin olur, amma öhdəsindən gəlirəm. Günortaya kimi məktəbdə oluram. Dərsdən sonra evə gedib yemək yeyir, istirahət edirəm. Sonra gedirəm məşqə. Məşqim həftədə 6 gündür, 1saat 30 dəqiqə davam edir. Məşqdən sonra evə gəlib istirahət edəndən sonra dərslərimlə məşğul oluram.

- Məşqlərin çox olması ağır gəlirmi?

- Bir az ağır gəlir, amma biz idmançıyıq buna dözməliyik. Həm özüm istəyirəm, həm də müəllimim deyir daha çox məşq etmək lazımdı. Yoxsa rəqiblərim məni keçər.

- Gündəlik bu planı yerinə yetirməkdə, iştirak etdiyin yarışlara hazırlanmaqda ailən sənə dəstək olurmu?

- Həm atam, həm də anam çox dəstək olurlar. Atam yarışlarımın əksəriyyətində özü də iştirak edir.

- Artıq 4 ildir ki, Kikboksinq idman növü ilə məşğul olursan. Hansı uğurlar qazanmısan?

- 4 ildə çox yarışda iştirak etmişəm. 2014-cü ildə “Qarabağ kuboku” uğrunda gedən yarışda qalib gəlmişəm. 2015-ci ildə də bir neçə yarışda yüksək nəticə göstərmişəm. 2016-ci Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa çempionatında və həmin il İtaliyada keçirilən dünya çempionatında, eyni zamanda, Azərbaycan çempionatında kikboksun “kiklayt” növü üzrə birinci olmuşam. 2017-ci ildə keçirilən Azərbaycan çempionatında iştirak etdim. 6 döyüş keçirdim və bütün rəqiblərimə qalib gəldim. Daha sonra həmin ilin may ayında Bakı çempionu və Portuqaliyada keçirilən dünya çempionatının qızıl mükafatçısı oldum. 2018-ci ildə yenidən Azərbaycan, Bakı çempionu və dünya çempionu oldum. Bundan əlavə profesional kəmərin sahibiyəm. Son olaraq da 2019-cu ildə Bakı çempionu adına layiq görüldüm.

- İştirak etdiyin yarışlardan hansı daha yaddaqalan olub?

- Ən yaddaqalan yarışım 2018-ci ilin sentyabr ayında, İtaliyanın Cesela şəhərində keçirilən dünya çempionatında olub. Həmin çempionatda bütün rəqiblərimi məğlub edərək kikboksun WAKO versiyası üzrə birinci oldum. Həmin yarışda 5 döyüş keçirdim, fransalı, erməni, macar idmançılarını uddum. Rəqiblərimin həm yaş, həm də çəki baxımından məndən artıq olmalarına baxmayaraq buna nail oldum. İkinci döyüşüm erməni idmançı ilə idi. Özümə söz vermişdim ki, onu məğlub etməliyəm. Eduard müəllim mənə dedi ki, 18 il əvvəl bu zalda mən erməni idmançını məğlub etmişdim, indi sıra səndədi. İstəyimə nail oldum və erməniyə qalib gəldim. Kikboksinq Federasiyanın prezidenti, Millət vəkili Adil Əliyev demişdi ki, get, qalib ol, gəl. Mən də söz vermişdim ki, qalib gələcəm, sözümü tutdum. Azərbaycana gələndə bizi qarşıladı. Həmin gün elə Adil müəllimin ad günü olduğu üçün çempionluğumu ona həsr etdim.

- Finalda qalib gələrkən hansı hisslər keçirdin?

- Final döyüşüm macar idmançı ilə oldu. Məşqçimiz son 10 saniyə qalmış kənardan vaxtın azaldığını bildirdi. Çox həyacanlı idim, vaxt bitdi, sevincimdən yerə yıxıldım. Məşqçim gəlib təbrik etdi, kürəyinə qaldırdı. Çox sevincli idim....

- Dünya çempionu olub Bakıya gəldikdən sonra müəllimlərin, məktəbdə sinif yoldaşların səni necə qarşıladılar?

- Gələndən sonra məni məktəbə çağırdılar, təbrik etdilər. Üstündə çempionluğum qeyd olunan tort düzəltdirmişdilər. Çox sağolsunlar belə qarşıladıqlarına görə.

- Yarışlarda, məşq zamanı ağır zədə almısanmı?

- Hə zədələnmələrim olub. Bu yaxınlarda burnum əzilmişdi. Ayağım, əlim də xəsarət alıb bir neçə dəfə. Bunlar normaldı, idmanda belə hallar tez-tez olur. Ancaq, zədələnmələrə baxmayaraq məşqlərimə davam etmişəm.

- Məşqçin Eduard Məmmədovun “Ağ canavar” ləqəbini sənə verməsi ilə bağlı danışardın...

- 2016-cı ildə İtaliyada keçirilən dünya çempionatında qalib oldum. Onda Eduard müəllim mənə dedi ki, “Ağ canavar” ləqəbimi sənə verirəm: Sənin texnikan, zərbələrin mənimki kimidir, mənə oxşayırsan.

- Özünü inkişaf etdirmək üçün hansı idmançıların döyüşlərinə, yarışlara baxırsan?

- Boş vaxtım olanda məşqçim Eduard müəllimin, Zabit Səmədovun və müxtəlif idmançıların döyüşlərinə baxıram. Hətta bəzən olur ki, öz keçirdiyim döyüşlərə də baxaraq nəticə çıxarıram.

- Gələcəkdə “mən də onun kimi olacağam” deyəcəyin idmançı varmı?

- Uşaqlıqdan Brüs Linin kinolarına baxırdım, onun kimi olmaq istəyirdim. Sonradan Zabit Səmədov kimi, kikboksinq idman növü ilə məşğul olmağa başladıqdan sonra isə Eduard Məmmədov kimi olmaq istəyirəm.

- Dostlarınla necə vaxt keçirirsən?

- Dostlarımla arada Bulvara gəzməyə gedirik, futbol oynayırıq.

- Gələcəkdə ən böyük arzun nədir?

- Bu yaxınlarda Kikboks idman növü Olimpiya idman növlərinə daxil edildi. Arzum 2024-cü ildə keçiriləcək Olimpiya çempionatında qalib olmaqdır.

- Sonda ürək sözlərin...

- Kikboksinq Federasiyasının prezidenti, Millət vəkili Adil Əliyevə, federasiyanın vitse-prezidenti Güloğlan Cabbarova və bu uğurları qazanmağımda böyük rolu olan "Ağ Canavar” klubunun prezidenti, məşqçim Eduard Məmmədova minnətdarlığımı bildirirəm.

Müsahibə üçün Metbuat.az saytına təşşəkkür edirəm.

Sərdar Məmmədov / Metbuat.az

FOTO: Müzəffər İsmayılov

Erməni idmançı məşqçisinə "vuruşa bilmirəm, gəl, özün vuruş!" deyə qışqırdı - Eduard Məmmədovla MÜSAHİBƏ / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI